Xəbərlər

Əsas səhifə

Şagirdlərlə maarifləndirici görüşlər davam etdirilir

09.02.2019

Bu həftə Xəzər Rayon Polis İdarəsi tərəfindən rayon ərazisində yerləşən 3 təhsil müəssisəsində şagirdlərlə maarifləndirici görüş keçirilib.  
 
Mərdəkan  qəsəbəsində yerləşən  181, Binə qəsəbəsində 121 saylı tam orta məktəblərin, eləcə də Buzovna qəsəbəsi 8 saylı sanatoriya tipli internat məktəbin şagird və müəllim kollektivlərinin iştrakı ilə “Narkomaniya ümümbəşəri bəladır ”,  "Yol hərəkəti qaydalarına riayət edək" mövzularında keçirilən geniş maarifləndirici tədbirlərdə rayon polis idarəsinin rəhbərliyi, idarənin əməkdaşları profilaktik söhbətlər aparıblar.
 
Xəzər Rayon Polis idarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev   çıxışlarında yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını, həmçinin məktəbli uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına riayət etmələri, onlara yolda təhlükəsiz davranış qaydalarının aşılanması istiqamətində maarifləndirici tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Rayon ərazisində anoloji tədbirləri bundan sonra da davam etdirəcəyini deyən idarə rəisi, yeniyetmələrin hüquqlarının qorunması, təlim-tərbiyəsi, zərərli vərdişlərin nəticələri  barədə məlumatlandırılması işində polisin aktiv iştirak etdiyini vurğulayıb.   
                        
Məktəblilərə görüşlərdə Xəzər RPİ-nin  inspektorları polis baş leytenantı Xəyalə Həsənova və polis leytenantı Aysel Abdullazadə narkotik vasitələrin, spirtli içkilərin insan orqanizminə zərərlərindən danışıblar,  uşaqların  vətənimizə, dövlətimizə faydalı gənclik kimi formalaşmaları üçün təhsilə diqqət yetirmələri barədə tövsiyələr veriblər, şagirdlərin suallarını cavablandırıblar.  

Fevralın 8-də Suraxanı rayonu 232 saylı orta məktəbdə keçirilən tədbir yol hərəkəti təhlükəsizliyi mövzusunda olub.
 
Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən DYP-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol Hərəkəti Təhlükəsizliyinə dair" dövlət  proqramından irəli gələn məsələlərdən biri məhz orta məktəblərdə təbliğat işinin aparılmasıdır. DYP də bu proqrama uyğun olaraq müəyyən tədbirlərə start verib.
 
Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova, Suraxanı rayon 31-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehtiyev və Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da iştirak edib. Tədbirdə uşaqları maraqlandıran sualları cavablandırılıb, sosial çarxlar nümayiş olunub, fəal uşaqlara yol hərəkəti qaydaları barədə kitablar və hədiyyələr verilib.