Xəbərlər

Əsas səhifə

AVTOMOBİL "AZARKEŞLƏR"İ

23.05.2014

Nəsimi və Binəqədi rayonu ərazisində avtomobillərə qənim kəsilən şəxslər yaxalanıb. Əməliyyat tədbirini Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları həyata keçirib. Tutulanlar avtomobillərin şüşələrini sındırmaqla pul, maqnitafon, səsgücləndiricilər və digər qiymətli əşyaları qarət etməkdə şübhəli bilinirlər. 

19-cu PB-yə zərərçəkmiş qismində müraciət edən Pərvanə Əliyeva martın 29-da Cavadxan küçəsində saxladığı “Kia-Sorento” markalı avtomobildən süşəni sındırmaqla, içərisində 70 manat və sənədlər olan pul kisəsinin oğurlandığını bildirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ələkbər İsmayılov, Sənan Səfərov və Kamran Şıxəliyev yaxalanıblar. 
Əməliyyat-istintaq tədbirləri müəyyən edib ki, onlar aprelin 20-də Cavadxan küçəsində Aynur Məmmədovaya məxsus “Kia” markalı avtomobilin şüşəsini daş parçası ilə sındıraraq, içərisində pul və şəxsi sənədlər olan əl çantasını, aprelin 22-də A.Məhərrəmov küçəsində Elşad Məhərrəmova məxsus “Opel” markalı avtomobildən 3 ədəd təkər, mayın 1-nə keçən gecə isə Cavadxan küçəsində Şamil Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən, açar seçmə yolu ilə maqnitafon, iki ədəd səsgücləndirici və sənədlər oğurlayıblar. Elə həmin gecəni daha “məhsuldar” keçirmək istəyən dostlar mağaza da qarət ediblər. 20 Yanvar küçəsində yerləşən, Teymur Şükürova məxsus mağazadan, qapının qıfılını sındırma yolu ilə 270 manat, spirtli içkilər və şirniyyatlar götürüblər.
19-cu PB-nin rəis müavini, polis kapitanı Anar Seyidovun sözlərinə görə yaxalanan şəxslərin hər üçü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrilə məhkumluq həyatı yaşayıb. Belə ki, Sənan Səfərov xuliqanlıq, vətəndaşlara xəsarət yetirməkdə, Ələkbər İsmayılov və Kamran Şıxəliyev oğurluq etməkdə təqsirli bilinərək həyatlarının müəyyən hissəsini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. 2013-cü ildə azadlığa qovuşan tanışlar keçmiş əməllərindən əl çəkməyərək oğurluq etməyə qərar veriblər. 
İstintaq müəyyən edib ki, tutulanlardan Sənan Səfərovla Kamran Şıxəliyev Binəqədi rayonu ərazisində də bir neçə oğurluq ediblər. Onlar yanvarın 30-na keçən gecə H.Babayev küçəsində İlkin Atakişiyeva məxsus “VÀZ-2121”, fevralın 12-də M.Cəlal küçəsində Ceyhun İbrahimova məxsus “Mercedes”, fevralın 21-də C.Xəndan küçəsində Əminə Ağayevaya məxsus “Hyundai-Elantra”, bir gün sonra E.Babayev küçəsində Maral Salahovaya məxsus “Kia Sportage”, martın 19-na keçən gecə İ.Dağıstanlı küçəsində Namiq Rüstəmxanlıya məxsus “Mercedes”, aprelin 13-nə keçən gecə H.Babaşov küçəsində İlqar Qasımova məxsus “Mercedes” markalı avtomobildən pul və müxtəlif əşyalar oğurlayıblar. 
S.Səfərovla K.Şıxəliyev mayın 1-nə keçən gecə eyni küçədə iki avtomobili hədəf seçiblər. Belə ki, onlar Y.Həsənov küçəsində Arzu Səmimiyə məxsus “Kia” markalı avtomobildən 2 ədəd fotoaparat, Valeh Abbasova məxsus “Mercedes” markalı avtomobildən isə maqnitafonun üzlüyünü oğurlayıblar.
Faktla bağlı Nəsimi RPİ İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.