Xəbərlər

Əsas səhifə

“Milli Qəhrəmanlarımızı tanıyıb, yaşadaq!”

12.06.2019

İyunun 12-də Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi tərəfindən orta məktəblərdə “Milli Qəhrəmanlarımızı tanıyıb, yaşadaq!” mövzusunda elan edilmiş inşa-yazı müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə İctimai Birliyin rəhbəri Xoşbəxt Seyidova, Birliyin üzvləri, Bakı şəhər BPİ rəisinin  şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Zaur Əlizadə və müsabiqədə qalib gəlmiş məktəblilər iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları Dövlət himnini ifa ediblər. 

İctimai Birliyin rəhbəri Xoşbəxt Seyidova tədbirin Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılması, gənclərə örnək göstərilməsi və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə keçirildiyini bildirib. 

Tədbirdə çıxış edən Bakı şəhər BPİ rəisinin  şəxsi heyətlə iş üzrə köməkçisi Zaur Əlizadə Qarabağın müdafiəsində düşmənlə əzmlə vuruşan polis əməkdaşları barədə ətraflı danışıb. O, qeyd edib ki, müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda daxili işlər orqanlarının əməkdaşları vuruşurdu, şəhidlər verirdi.  

Polis mayoru vurğulayıb ki, məktəblilərin bu mövzuda inşa-yazı müsabiqələrində fəal iştirak etmələri və fərqlənmələri onların güclü vətənpərvərlik hisslərindən xəbər verir. 

Sonda inşa-yazı müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.